About Us

 

Azərbaycanda texniki təhsilin əsası 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə qoyulmuş və Azərbaycan iqtisadiyyatının, sənayesinin, elminin, təhsilinin  inkişafında öz layiqli töhfəsini vermişdir. 1916-cı ildə məktəbdə artıq 494 tələbə təhsil alırdı. Daha sonra həmin məktəb Politexnikum adlandırılmışdır. 100 ildən çox bir dövrdə, zaman-zaman siyasi-iqtisadi formasiyaların dəyişməsi, inqilablar, müxtəlif sahələrdə  intibah və tənəzzüllər elmin və texnikanın inkişafına öz ciddi təsirini göstərdiyi kimi, universitetimizə də təsirsiz ötüşməmiş, amma bu elm, təhsil ocağı həyatın çətin sınaqlarından uğurla, üzüağ çıxaraq, 133 illik bir dövrdə həm elmi-texniki inkişaf, həm də iqtisadiyyatın bütün sahələri üçün mütəxəssis hazırlığı sahəsində özünəməxsus imicini qoruyub saxlamışdır.

14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə  “Bakıda Politexnik İnstitutunun yaradılması haqqında” ali məktəb olaraq təşkil olunan Azərbaycan Politexnik İnstitutu sonralar Azərbaycanda yeni ali texniki məktəblərin yaradılamsı üçün də bir vəsilə olmuşdur. El dili ilə desək, Azərbaycan Politexnik İnstitutu BƏRƏKƏTLİ bir elm, təhsil ocağı olmuş, onun xeyir-duası ilə bir neçə universitetlər – hazırki Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Texnologiya Universiteti həyata vəsiqə qazanməşdır.

İkinci Dünya müharıbəsindən sonra xalq təsərrüfatının bütün sahələrinin bərpası, inkişafı, yeni sənaye müəssisələrinin açılmasının vacibliyi, müxtəlif sahələr üzrə mühəndis kadrlarının hazırlanmasına olan ehtiyac və Azərbaycanda müəyyən intellektual texniki potensialın olması Azərbaycan Politexnik İnstitutunun yenidən yaradılmasına imkan verdi.

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı univer­sitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu (AzPİ) adı altında yenidən yaradılmışdır.

1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yer­ləşən binalarda fəaliyyət göstərirdi. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet indiki binasına köçmüşdür. Qərb və şərq memarlığının ən gözəl üslublarını özündə birləşdirən Universitetin yaraşıqlı binasında tələbələrin dərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

1970-ci ilin ortalarında fakültələrinin, elm və texnika üzrə ixtisaslarının sayına görə respublikanın ən iri ali təhsil ocağı idi. Bu zaman 11 fakültədə 20 mindən artıq tələbə rəhsil alırdı və məzunlar o zaman SSRİ-nin müxtəlif yerlərində uğurla çalışırdılar.

1975-ci ildə Universitetin bazası əsasında Azərbaycanda iki yeni ali texniki məktəb- Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və 1980-ci ildə Gəncə Texnologiya İnstitutu yaradılmışdır.

1978-ci ildən başlayaraq AzPİ-da SSRİ-nin müxtəlif respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanmışdır. Həmin dövrlərdə Uni­versitetdə 12 mindən artıq tələbə təhsil alırdı. 1983-cü ildə tədris-metodiki və elmi-texniki sahələrdə qazandığı nailiyyətlərə görə SSRİ Ali və Xüsusi Orta Təhsil Nazirliyinin keçici bayrağını və birinci dərəcəli pul mükafatını almışdır.

1981-ci ildə ümummilli lider Heydər Əliyevin AzPİ-yə gəliməsi, tələbə və müəllim heyəti ilə görüşməsi bu ali məktəbin tarixində əlamətdar hadisə oldu. Onun göstərişi ilə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin AzPİ-nin maddi-texniki bazasının genişləndirilməsi haqqında qərarı oldu. Qərarda AzPİ-nin yüksəkkeyfiyyətli mühəndis kadrların hazırlanmsında apardığı işlər müsbət qiymətləndirilirdi. Qərarda həmçinin institutun ərazisində “Avtomatika və hesablama texnikası” fakültəsi üçün yeni tədris binasının tikilməsi, maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sossial problemlərinin həlli də öz əksini tapmışdı.

1991-ci ildən ali məktəb Azərbaycan Texniki Universiteti adını daşıyır. Bu dövr regionun ictimai-siyasi həyatında, həmçinin ali təhsil sahsində ciddi dəyişikliklərin baş verməsi ilə səciyyələnə bilər. Ali təhsil sitemində çoxpilləli təhsil siteminə keçilməsi, Azərbaycanın Boloniya prosesinə qoşulması, sənaye sahələrində baş verən dəyişikliklər Azərbaycan Texniki Universitetinin inkişafında yeni çağırışlar yaratdı. Bu dövr təhsil proqram və planlarında ciddi islahatlarla yadda qaldı, ixtisas spektri kəskin azalmağa başladı, Avropa təhsil siteminə inteqrasiya meylləri gücləndi.

Hal-hazırda universitet maşınqayırma və robototexnika, metallurgiya və materialşünaslıq, informatika və kompüter texnologiyaları, elektrik və elektronika, radiotexnika və telekommunikasiya, nəqliyyat, iqtisadiyyat və idarəetmə, eləcə də digər sahələrdə 35 ixtisas üzrə bakalavriat səviyyəsində və 100-dən çox ixtisaslaşma üzrə magistratura səviyyəsində yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlayır. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laborato­riyalarında Bolonya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 8000-dən çox tələbə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir.

Azərbaycan Texniki Universiteti XXI əsrdə, qloballaşma və sənaye inqilabları dövründə də fəaliyyətini uğurla davam etdirməkdədir. Azərbaycan sənayesi, iqtisadiyyatı, elmi, təhsili üçün 100 mindən çox mütəxəssis hazırlayan universitetimiz haqlı olaraq öz məzunları ilə  Respublikamızda və ölkə hüdudlarından kənarda ən müxtəlif sahələrdə - Dövlət idarəçilik sistemində, sənayenin bütün sahələrində, elm, təhsil müəssisələrində ən yühsək vəzifələrdə çalışan yüzlərlə AzTU məzunları öz vəzifə və vətəndaşlıq borclarını layiqincə yerinə yetrirməkdədirlər.

Son dövrlər AzTU qarşısına qoyduğu missiyaya uyğun olaraq Azərbaycanda və regionda qabaqcıl ali texniki məktəblər sırasında öncül mövqe tutmaq, rəqabətədavamlı kadr hazırlığı, innovativ və elmi-texniki işləmələrin  həyata  keçirilməsindən ötrü ardıcıl işlər aparmaq əzmindədir. Bununla belə, xüsusi və gözlənilməz hallarda dayanıqlı təhsil və elmi-innovativ fəaliyyəti təmin etmək AzTU-nun qarşıya qoyduğu əsas prioritetlərdən biridir. Göstərdiyimiz prioritetlər bizm bu gün üçün hədəflərimizi müəyyənləşdirir. Bu hədəfləri qısa şəkildə aşağıdakı kimi sıralamaq olar

  • AzTU-nun respublikamızın və regionun qabaqcıl texniki ali məktəbinə çevrilməsinin təmin olunması;
  • Müasir düşüncəli, dünya texnoloji inqilabları ilə ayaqlaşan mühəndis kadrların hazırlanması;
  • Aparıln tədqiqatların sənayenin praktik problemlərinin həllinə yönəldilməsinin təmin olunması;
  • Sənayenin, elmin, texnikanın inkifanına yüksək töhfələr vermək imkanlarna malik ekositemin yaradılması.